Fotoaparat rejimləri necə işləyir

Paylaşıldı: Emil Jafarli tərəfindən, tarixində.

Fotoaparat aldığınız zaman o bir neçə rejim ilə birlikdə gəlir. Bu rejimlər əvvəlcədən proqramlaşdırılıb. Siz uyğun rejimi seçməklə pərdə sürəti və diafraqma kimi dəyərlər avtomatik olaraq nizamlanır. Bu rejimlər yeni başlayanlar üçün çox uyğundur. Amma bir az təcrübəsi olanlar da vaxta qənaət etmək üçün və ya çox sürətli kadr çəkmək lazım olan zaman istifadə edirlər.

İndi isə bu rejimləri tanıyaq.

  1. Auto Mode 
    Bu rejimdə fotoaparat pərdə sürəti, diafraqma, ISO və fləş sazlamasını özü seçir. Sizin isə etməli olduğunuz tək şey aparatı tuşlamaq və çəkmək. Əgər siz hansı sazlamanı etməli olduğunuzu bilmirsinizsə və ya tez bir zamanda kadrı çəkmək istəyirsinizsə avto rejim köməyə çatacaq. Avto rejimin mənfi cəhətlərindən biri kimi deyə bilərik ki, qeyri bərabər işıqlanma zamanı lazım olmasa da fotoaparat fləşi aktivləşdirə bilər.

  2. Portrait mode 
    Bu rejimdə kamera çəkilən obyekti "müəyyən edir" və sahə dərinliyini analiz edərək onu arxa fondan ayırmağa çalışır. Nəticədə, çəkilən insan fokusda qalır amma arxa fon isə "blur" olunmuş vəziyyətdə görünür. Əgər kamera səhnəni qaranlıq görürsə fləş aktivləşir. Bu rejim adətən işıqlı şəraitdə effekt verir.

  3. Macro mode 
    Bu rejim adətən əlinizdən daha kiçik olan obyektlərin şəklini çəkmək üçün istifadə olunur. Unutmayın ki, makro rejimi ilə super yaxından çəkilmiş detallı foto əldə etmək olmayacaq. Bunun üçün xüsusi makro obyektiv tələb olunur. Makro rejimi işıqlı məkanlarda daha yaxşı işləyir.

  4. Landscape mode 
    Dilimizə "mənzərə rejimi" kimi tərcümə olunan bu rejim adətən daha kiçik diafraqma açıqlığı (böyük f/rəqəmi) istifadə edir. Nəticədə bütün rəsm bərabər miqdarda fokuslanır. Köhnə fotoaparatlarda bu rejim sonsuzluq rejimi adlanırdı. (Yan tərəfi üzrə dayanmış 8). Bu rejim bir çox obyektiv ilə uyğundur. Rejim yaxşı işıqlı şəraitdə çox yaxşı nəticə verir.

  5. Sports mode 
    İdman çəkilişləri çox sürətli olduğu üçün bu rejimdə fotoaparat adətən 1/500 ilə 1/1000 arası bir pərdə sürəti seçir. Sanki kadrı dondurmaq üçün bu qədər yüksək sürətli pərdə sürəti seçildiyi üçün təbii ki, çox vaxt fləş lazım gəlmir. Lakin, bu dəfə məkanın işıqlı olması həmişəkindən çox vacibdir.

  6. Night Portrait Mode 
    Gecə portret rejimi. Bu rejimdə kamera arxa fonun qaranlığı ilə, ön planda olan subyektin işıqlanmasını balanslaşdırmağa çalışır. Diafraqma mümkün qədər açıq olmalıdır ki, sensora arxa fonu aydınlandıracaq işıq daxil ola bilsin və subyekt fokusda qalsın. Eyni zamanda, subyekti işıqlandırmaq və blurdan qaçmaq üçün fləş mütləq vacibdir.

  7. Manual mode 
    Bu rejimdə bütün iş fotoqrafa düşür. ISO, pərdə sürəti, diafraqma, fləş və digər sazlamaları fotoqraf özü etməlidir. Bu rejimdə peşəkar fotoqraf digər rejimlərdə mümkün olmayan nəticələri əldə edə bilər.

  8. Aperture-Priority (AV)
    Bu rejim fotoqrafa sadəcə diafraqma (F/) dəyərini seçməyə imkan verir. Seçilən dəyərə müvafiq olaraq pərdə sürətini fotoaparat özü nizamlayır. Təbii ki bunu işıq və səhnəni analiz edərək edir.

  9. TV 
    TV rejimini AV rejiminin tam əksi kimi başa düşmək olar. Burada AV nin əksinə, pərdə sürətini fotoqraf seçir. Diafraqmanı isə fotoaparat ən optimal dəyərə gətirir. Misal üçün, idman çəkilişləri zamanı fotoqraf sadəcə olaraq səhnəyə uyğun pərdə sürətini seçmək istəyirsə TV rejimini istifadə edə bilər. Digər nizamlamaları fotoaparat özü həll edəcək.

  10. P-Program mode 
    Bu rejim avto rejiminə çox oxşayır. Fotoaparat pərdə sürəti və diafraqmanı özü seçir. Lakin fotoqraf digər nizamlamaları özü edə bilir. Məsələn, ISO

 

Nəticə: Bəzilərinə görə hazır rejimləri istifadə etmək qeyri-professionallıqdır. Lakin nəzərə almaq lazımdır ki, professionallar da bəzən zamana qənaət emək üçün bu rejimlərdən birini istifadə edə bilər. Çünki hər zaman bütün nizamlamaları əl ilə etmək üçün vaxt olmaya bilər. Həm də nəzərə almaq lazımdır ki, bu rejimləri istifadə etməklə daha professional nizamlamanı etməyi öyrənmək mümkündür. Bəs siz ən çox hansı rejimdə çəkirsiniz? Fikirlərinizi aşağıda yazmağı unutmayın.


Məlumatı dostlarınla paylaş



← Əvvəlki post


Şərh yoxdur

Şərh yaz

Qeyd: şərhlər moderator təsdiqindən sonra saytda paylaşılır.

Sale

Unavailable

Sold Out