Mobil videoqrafiaya yeni başlayanlar üçün 8 ipucu
Günümüzdə smartfonlarımız bir çox funksiyaları özündə cəmləşdirir. Musiqi, ofis proqramları, ünsiyyət vasitəsi, oyun konsolu və s. funksiyalar bunlardan sadəcə bir neçəsidir. Son zamanlar telefonlarımızın foto və video çəkiliş qabiliyyəti də artmışdır. Bu gün biz smartfon ilə 4k ölçüsündə video çəkə və onu canlı olaraq yayımlaya bilirik. Professional videolar çəkmək üçünsə bir sıra qaydaları və metodları bilmək lazımdır. Tex.az olaraq yeni başlayanlar üçün bu qaydaların ən vaciblərini sizin üçün topladıq. Hazırsınızsa, başlayaq.
1. Telefonu vertikal(portrait) yox, horizontal(landscape) tutun.
Video çəkməyə başlayarkən nədənsə bir çox insan telefonu vertikal formada tutur. Lakin çəkilişdən sonra, videoya normal ekranda baxan zaman sağ və solda olan qara zolaqların səbəbi məhz budur. Bütün televizor və komputer ekranları horizontal olduğu üçün çəkilişdə bu nüansı nəzərə almaq lazımdır.
2. İşıq
Smartfonlar kifayət qədər güclü led işıq ilə təchiz olunmuşdur. Lakin bu led subyektin rəng temperaturunu asanlıqla dəyişə bilir. Bu səbəbdən çalışın təbii işıqdan və digər alternativ işıqlardan istifadə edin. Telefonun öz fləşini açmağa tələsməyin.
Həmçinin, subyektin arxa planında işıqlandırmadan qaçının. Subyektin arxasında olan işıq subyekti ön plana çıxmağa qoymayacaq. Buna səbəb isə, arxa plandakı işığını telefonun led fləşinin gücü ilə balanslaşdırmağın mümkün olmamasıdır. Əgər subyektin yerini dəyişmək mümkün deyilsə, smartfona daha güclü işıq əlavə etməkdə fayda var. Bu səhifəyə daxil olaraq smartfon üçün olan işıqlarla tanış ola bilərsiniz.
3. Əsas məsələ: Stabillik!
Baxmayaraq ki telefonlarımız ağır kameralara nisbətən kiçik və yüngüldür, yenə də çəkiliş edərkən iki əllə tutmağa çalışın. Dirsəklərinizi özünüzə sıxsanız, stabillik bir az da artacaq. Buna alternativ olaraq, avadanalıqlarınız sırasına ştativ əlavə etməyiniz mümkün ən yaxşı nəticəni əldə etməyə kömək edəcək. Ştativlərə buradan baxa bilərsiniz. Mobil videoqrafiya işini daha ciddi düşünür və daha yüksək keyfiyyətli videolar əldə etmək istəyirsinizsə, “Gimbal” da adlandırılan stabilizatorlardan istifadə edə bilərsiniz. Bu stabilizatorlar 3 mühərrikə sahibdir və 3 ox üzrə (X, Y, Z) sabitlik təmin edir. Stabilizatorlarla tanış olmaq üçün daxil olun.
4. “Zoom” istifadə etməkdən çəkinin
Çəkiliş zamanı zoom, yəni yaxınlaşdırma funksiyasından istifadə etmədən dayanmaq bir az çətin gələ bilər. Lakin unutmaq olmaz ki bu yaxınlaşdırma “Digital zoom”, yəni rəqəmsal yaxınlaşdırmadır və optik yaxınlaşdırma ilə əlaqəsi yoxdur. Loru dildə desək, telefonun processor gücü ilə sadəcə çəkilmiş kadr böyüdülür. Bu isə daha keyfiyyətsiz görüntüyə gətirib çıxarır. “Zoom” etmək əvəzinə, bir neçə addımla yaxınlaşmaq daha yaxşı olar.
Lakin burada bir istisna var. Əgər telefonda 1-dən çox linza varsa, telefoto, geniş bucaq linzalarına linzanı dəyişərək keçmək olar. Məsələn, 1x, 2x, yazılarına toxunaraq. 1x ilə 2x arasında olan interval isə rəqəmsal yaxınlaşdırma ilə olacağı üçün məsləhət görülmür.
5. Fokus və exposure
Mobil cihazlar bu iki dəyəri avtomatik olaraq təyin edir. Sürətli foto çəkərkən bu özəllik köməyə gəlir. Lakin video çəkərkən, bu dəyərləri əl ilə nizamlamaq daha məqsədəuyğundur. Bunu etmək üçün, kadrda olan subyektə toxunaraq videonun fokus və exposure dəyərlərini kilidləmək lazımdır. Həmçinin çəkiliş davam edərkən tənzimləməni yenidən dəyişmək mümkündür. Manual fokuslama hər hansı bir əşyaya fokuslanmağa və onu videoda ön plana çıxarmağa kömək edir.
6. Səs
Heç kəsə sirr deyil ki, keyfiyyətli səs professional videonun ən vacib elementlərindən hesab olunur. Yaxşı xəbər isə odur ki, smartfonlarımızda olan mikrofonlar bir çox hallarda yaxşı nəticə verəcək. Lakin buna baxmayaraq, əlavə mikrofon istifadə etmək səs keyfiyyətini dəfələrlə yaxşılaşdıracaq. Qeyd etmək lazımdır ki, həmçinin səsi başqa bir cihaz ilə yazıb sonradan montajda birləşdirmək metodu da çox hallarda köməyə çatır. Tex.az-ın təqdim etdiyi mikrofonlara buradan baxa bilərsiniz.
7. “Slow motion” və “Time-lapse” texnikası
Əksər müasir smartfonlar öz daxili kamera tətbiqində bu özəlliklər ilə birlikdə gəlir. Slow motion rejimi videonu daha yüksək kadr/saniyə tezliyində çəkməyə imkan verir ki, videoya sonradan normal sürətdə baxarkən, onu yavaşlatılmış olaraq görürük. Misal üçün, 60 fps ilə çəkilən videonu normal sürətdə, yəni 30 fps ilə izləyərkən videonun 2 dəfə yavaşladıldığını görə bilərik. Time-lapse isə slow motion texnikasının tərsi kimi düşünülə bilər. Bu zaman, çəkilən video daha aşağı kadr/saniyə tezliyində çəkilir və normal sürətlə izləyərkən sürətləndirilmiş video əldə olunur. Hər iki metodu videolarımızda istifadə edə bilərik lakin əsas məsələ düzgün istifadədədir. Məsələn, slow motion texnikası normal gözlə görülməsi mümkünsüz olan kadrlar üçün istifadə oluna bilər. Sürətli idman səhnələri və s. Digər tərəfdən, time-lapse texnikası geniş vaxt aralığında hərəkət edən obyektləri nəzərə çatdırmaq üçün istifadə oluna bilər. İnsanların gəzməsi, buludların hərəkəti, gün batışı və s.
8. Edit
Edit, yəni videonun redaktə olunması. Başqa sözlə montajı. Editə bir az vaxt sərf edərək daha professional görüntü əldə etmək mümkündür. Xoşbəxtlikdən, yüksək keyfiyyətdə video çəkmək imkanına malik olan smartfonlar həmçinin bu videoları edit etmək üçün də bizə imkan yaradır. Ortalama bir video üçün çox güclü komputerlərə ehtiyac qalmır. Smartfonda lazımi kəsmə işlərini, səhnə keçidlərini, effektləri, mətnlər və s. İdarə etmək mümkündür.
Gördüyünüz kimi, bu gün professional video əldə etmək əvvəlki qədər çətin deyil. Yuxarıda qeyd olunan texnikaları tətbiq edərək siz də öz çəkdiyiniz videoları daha yaxşı hala gətirə bilərsiniz. Əlavələriniz və ya suallarınız olarsa aşağıda şərh bölməsinə yaza bilərsiniz.