Sensor ölçüsü mövzusu açıldığı zaman çox vaxt ortaya çıxan sual "Full frame" sensorun nə olduğu haqqında bu yazıda danışırıq.
Əvvəllər istifadə olunan film (lent, plyonka və s.) indi öz yerini rəqəmsal sensorlara verib. Ona görə də Full frame sensor nədir sualına keçməzdən əvvəl, sensor nədir sualının cavabını bilməliyik.
Sensor hərfi mənasında müəyyən edən, görən, hiss edən kimi tərcümə oluna bilər. Fotoaparat sensoru görüntünü görən və onu elektronik siqnallara çevirə bilən ən vacib elementdir. Tutaq ki 24 MP bir kamera sensorunuz var. Bu zaman sensor üzərindəki 24 milyon piksel aldığı görüntüləri fotoaparatın processorunun köməyi ilə elektronik siqnallara çevirir. Fotonun keyfiyyətini müəyyən edən tək element sensor deyil, həmçinin linzalar və firmware (proqram təminatı) də əhəmiyyətli rola malikdir.
Bəs full frame nədir? Nə üçün full frame almalıyıq?
Rəqəmsal fotokameralardan əvvəl 35mm enində standart filmlər istifadə olunurdu. İndi isə onun yerini rəqəmsal sensorlar alıb. Əvvəllər bir görüntünün 35mm foto lent üzərində tutduğu yer 24x36mm ölçüsündə idi. Günümüzdə isə tam bu ölçüyə bərabər olan sensorlara tam kadr, yəni Full frame deyilir. Full frame sensor daha çox meqapiksel ilə ifadə oluna bilər. Həmçinin daha böyük sensor daha çox işıq qəbul edə bildiyi üçün az işıqlandırılan ərazilərdə fotolarımız daha işıqlı olacaq. Lakin markalar daha uyğun qiymətli cihazlar təqdim edə bilmək üçün daha kiçik sensorlar da istehsal etmək məcburiyyətindədirlər. "Crop" sensor dediyimiz məsələ də buradan meydana çıxır. Crop- yəni, kəsilmiş, sensor full frame sensora görə daha kiçikdir, çəkilən görüntü daha qaranlıq olur və kadrın əhatəsi daha kiçik olduğu üçün çəkərkən daha geridən çəkmək tələb olunur. Crop sensorlar haqqında növbəti postdan oxuya bilərsiniz.